Gəncə məhbuslarından 4 nəfəri azadlığa çıxdı, amma...
Featured

01 Oktyabr 2019

Sentyabrın 30-da Sabunçu Məhkəməsində Gəncə işi üzrə keçirilən daha bir qrupa hökm oxunub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Bəkrəm Əliyev və digərlərinin təmsil olunduğu 8 nəfərlik qrupdan 4 nəfər - Şahin Verdiyev, Vüqar Yusifov, Emil Məmmədov və Elmir Hüseynzadə azadlığa buraxılıb. Onlardan üçünə şərti cəza verilib. V.Yusifovun isə həbsdə saxlandığı 1 il 2 ay 6 gün yetərli hesab edilib.

Hakim Dadaş Rzayevin sədrliyi ilə çıxarılan hökmə əsasən, digər 4 nəfərə isə 5 ildən 15 ilə qədər cəza verilib. Bəkrəm Əliyev 15 il, Həbib Qurbanov 8 il, Mirzə Hüseynov və Asif Cavadovun hər biri isə 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qrupda təmsil olunanlar CM-in 29.120 (qəsdən adam öldürməyə cəhd), 220.1 (kütləvi iğtişaşların təşkili), 228 (qanunsuz silah saxlama) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq etmə) maddələriylə ittiham edilmişdi. Onların 2018-ci il 10 iyulda Gəncə icra hakmiyyətinin qarşısında baş tutan etiraz aksiyasından sonra həbs ediliblər. 

Məhkəmə zamanı hakim və dövlət ittihamçısı qrup üzvlərini adıçəkilən aksiyada polis polkovniklərini qətlə yetirən Rəşad Böyükkişiyevə kömək etməkdə və polis zabiti Samir Bayramovu da öldürməyə cəhddə ittiham edirdilər.

Hökmdə təqsirləndirilən şəxslərdən 5-nin üzərindən qəsdən adam öldürməyə cəhd ittihamı götürülüb. Yalnız Bəkrəm Əliyev, Həbib Qurbanov və həbs edilərkən cəmi 15 yaşı olan Emil Məmmədovun üzərində qalıb. İddia olunur ki, Bəkrəm polisə badalaq vuraraq onun yerə yıxılmasına şərait yaradıb. Lakin sonrakı proseslərdə onun vəkili polisə badalaq vurmadığını sübut edən videogörüntünü məhkəmə kollegiyasına təqdim edib.

B.Əliyevə qanunsuz silah saxlama ittihamıyla bəraət verilib.

Təqsirləndirilən şəxslərdən Şahin Verdiyevə 29.120-ci maddə ilə yanaşı, polisə zor tətbiq etmə ittihamıyla da bəraət verilib.

Azadlığa çıxanların valideyinləri isə hökmdən tam razı qalmadıqlarını və apellyasiya məhkəməsinə müraciət edəcəklrini bildiriblər.

Top
JoomlaLock.com All4Share.net