"Ali məktəblərin cəmi 7-sinin yataqxanası var"
Featured

01 Oktyabr 2019

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputatlar tələbə yataqxanalarından da danışıblar. Deputat Qənirə Paşayeva deyib ki, ölkədə fəaliyyət göstərən bir çox universitetin yataqxanası yoxdur: "Tovuzda ən yüksək balla ali məktəbə qəbul olan gəncin atası yoxdur. Anası deyir ki, məqbul qiymətə kirayə ev tapa bilmir. Ona görə də təhsil krediti haqqında qanun qəbul olunmalıdır ki, belə problemlər yaranmasın...".

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə bildirib ki, tələbələrə kirayə evdən ötrü kredit vermək yox, yataqxanalar tikmək lazımdır:

"Azərbaycanda 51 universitet və 164 min tələbə var. Universitetlərin 31-i Bakı şəhərindədir. Ali məktəblərin cəmi 7-sinin yataqxanası var. Müqayisə üçün, Türkiyədə 210 universitet və 770 tələbə yataqxanası var".

Ekspert vurğulayıb ki, məsələnin həlli ilə bağlı hökumətə təkliflər göndərib:

"Hər bir universitetin yanında tikilmiş hündürmərtəbəli evin…"
"Bakıda ayrıca yataqxanalar tikmək üçün infrastruktur yoxdur. Lakin problemin həlli üçün hər bir universitetin yanında tikilmiş hündürmərtəbəli evin bir neçə mərtəbəsini almaq kifayətdir.

Onları universitetlər tikinti şirkətlərdən kreditlə alıb, yataqxana təşkil edə bilər. Sonra otaqları hər tələbəyə kirayə verməklə də tikinti şirkətinə krediti qaytarmaq olar. Tələbə üçün kirayə haqqını 40-50 manat civarında təyin etmək kifayətdir. İllər sonra binanın həmin mərtəbələri qalacaq universitetin balansında".

Ekspert: "Tələbələrin pulları ilə özlərinə biznes qurublar"
K.Əsədov qeyd edib ki, Azərbaycan universitetlərinin dünya reytinq cədvəllərində yüksək yer tutmamasının səbəblərindən biri də yataqxana amilidir: "…Kiminsə evində kirayədə qalan tələbənin təhlükəsizliyi sual altındadır".

"Tələbələrə kredit verməklə yalnız yükləyirlər"

Ekspert təhsil məqsədilə verilən kreditlərə də toxunub. Onun sözlərinə görə, hazırda Azərbaycanda ali məktəblərin 45 min plan yerinin 21 mini ödənişsizdir: "Ölkə universitetlərində təhsil haqqı çox yüksəkdir. Bununla yanaşı, tələbələrə təhsil üçün kredit verməklə onları yalnız yükləyirlər. Çünki universitet bitirəndən sonra dövlət onların çoxusunu işlə təmin etmir.

Hesablamalara görə, 164 min tələbədən universitet bitirəndən sonra yalnız 42 faizi işlə təmin edilə bilir. 58 faiz isə diplomlu işsizdir. Ona görə, ya təhsil haqqı 50 faiz endirilməlidir, ya da kreditlər faizsiz verilməlidir".

Harvard Universitetində təhsil almış Bəxtiyar Hacıyev AzadlıqRadiosuna açıqlamasında qeyd edib ki, inkişaf etmiş xarici ölkələrin çoxusunda universitetlərin öz kampları (yataqxanaları) var və tələbələr müəyyən məbləğ ödəyərək orada qalırlar: "Tələbə həm təhsil haqqını, həm də yataqxana xərcini ödəməyə çətinlik çəkirsə, ona uzunmüddətli (20 ilə qədər) və çox aşağı faizlə kredit verilir. Bir çox hallarda oxuduğu universitet qismən və ya tam olaraq həmin tələbələrə zamin durur. Tələbə məzun olandan iki il sonra işlədikcə, həmin krediti qaytarmağa başlayır".

Onun sözlərinə görə, Azərbaycanda normal şəraitli cəmi iki tələbə yataqxanası var ki, onların qiyməti tələbə üçün kifayət qədər yüksəkdir.

Bakı Dövlət Universitetin tələbəsi Ş.A. (ad və soyadının tam verilməsini istəmir-red.) deyib ki, oxuduğu ali məktəbin yataqxanası olsa da, orada çoxdan qaçqın və məcburi köçkünlər məskunlaşıb:

"Məcbur olub kirayəyə ev tutduq. O da çox bahadır. Əlbəttə istərdim ki, yataqxanamız olsun, yola sərf etdiyimiz vaxtı da dərsə sərf edək".

Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alan L.Ə. isə bildirib ki, dörd tələbə qızla kirayədə qalır. "Mənzilin şəraiti yaxşı olsa da, beş qızın iki balaca otaqda qalması o qədər də rahat deyil. Həm də evi şəhərin mərkəzində götürdük ki, yola vaxt sərf etməyək, tıxacda qalmayaq. Ödənişli təhsil alıram, bilmirəm necə çatdıracam?", - tələbə sual edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ödənişli əsaslarla təhsil alan M.M. isə bildirib ki, onda təhsil haqqı 1800 manat təşkil edir və ödəməyə çətinlik çəkir: "Əvvəl universitetə qəbul olanda fikirləşirdim ki, işləyib təhsil haqqını ödəyəcəm. İndi isə görürəm ki, iş ya yoxdur, ya da çox az pul ödəyirlər. Hələ ki, valideynlərin köməyi ilə təhsil haqqını ödəyə bilirəm...".

2015-ci ildə Azərbaycanda bir çox dövlət ali təhsil müəssisələri tələbələrin illik təhsil haqlarının ödənilməsi məqsədilə "Maarifçi" Tələbə Kredit Fondu yaradıb. Bu Fond aztəminatlı ailələrdən olan tələbələrə təhsil almaqdan ötrü kredit verməlidir. 60 aydan sonra qaytarılmalı olan kreditin illik məbləği maksimum 4 min manatdır. Verilən məlumata görə, kreditin güzəşt müddəti isə 1 ildir. Kredit verilməsindən ötrü tələbədən girov və ya zəmanət tələb edilmir. Lakin faizin mövcud olduğu bildirilir.

Bu il fevralın 28-də "Maarifçi" Tələbə Kredit Fondunun ilk icraçı direktoru Rüfət Mahmud qurumun Himayəçilik Şurasının iclasında qeyd edib ki, 3 il ərzində ümumilikdə 223 təhsil krediti müqaviləsi imzalanıb. (azadlıq radiosu)

/a/ali-məktəblərin-cəmi-7-sinin-yataqxanası-var/28482096.html
Top
JoomlaLock.com All4Share.net